Avropa Oyunlarının məşəli Şirvan və Hacıqabulda yandırıldı

Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Neftçala rayonundan sonra Şirvan şəhərinə, oradan da Hacıqabula  gətirilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Şirvan şəhərinin giriş qapısında yerləşən Bayraq Meydanında qarşılanıb.

 

Məşəli qəbul edən Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3800 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Şirvan Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanına çatdırıblar. Burada Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.

 

Daha sonra Şirvan şəhər sakini, karate üzrə dünya çempionu Fərid Abbasov Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.

 

Yarışın rəmzi Şirvandan Hacıqabul rayonuna yola salınıb. Məşəl Hacıqabul rayonunda yerləşən Bayraq Meydanında qarşılanıb.

 

Atletlər məşəli rayon icra hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev parkına çatdırıblar. Burada Hacıqabul rayon karate-kobudo növü üzrə məşqçi Elnur Şəfiyev simvolik məşəli yandırıb.

 

Yarışın rəmzi daha sonra Hacıqabuldan Saatlı rayonuna yola salınıb.

Müəllif | Apa.Tv