FHN-in Akademiyasında qələbənin 70-ci ildönümü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə toplantı keçirilib.
Toplantıda öncə Böyük Vətən Müharibəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov müharibə veteranlarını və digər iştirakçıları salamlayaraq, onları qarşıdan gələn Qələbə bayramı münasibətilə təbrik edib. Görüşdə iştirak etdikləri üçün veteranlara təşəkkürünü bildirən rəis deyib ki, bəşəriyyətin faşizm üzərində qələbə çalmasında və sülhə qovuşmasında Böyük Vətən müharibəsi veteranlarının misilsiz xidmətləri var. O, müharibədə qələbənin qazanılmasında layiqli xidməti olmuş cəsur döyüşçülərimizin rəşadətindən ətraflı danışaraq, onların keçdiyi ömür yolunun gənclərimiz üçün örnək olduğunu vurğulayıb.
Toplantıda çıxış edən FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov da Azərbaycan döyüşçülərinin II Dünya müharibəsində göstərdikləri şücaətlərdən və qələbənin tarixi əhəmiyyətindən danışıb.
Görüşdə iştirak edən müharibə veteranları göstərilən xüsusi qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildirərək, öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.