Türkiyədən Azərbaycana quş məhsullarının idxalı dayandırıldı

Türkiyədə toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova sərəncam imzalayıb.

 

APA TV-nin məlumatına görə,  sərəncamda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən, Türkiyə Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi" (H5N1) xəstəliyinin müəyyən edildiyi bildirilir. Eləcə də Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə bu sərəncamın verilməsi diqqətə çatdırılır.

 

Sərəncamda qeyd olunub ki, Türkiyənin Balikəsir bölgəsində toyuqlar arasında yüksək patogenli "quş qripi" (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq 2015-ci il may ayının 5-i tarixindən Türkiyənin Balıkəsir və ona yaxın olan Kütahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv