Yolçu Xanvəli: "Azərbaycanda epizootik vəziyyət sabitdir"

Quş qripinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanılması üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər aparır.

 

Bunu APA TV-yə qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Həsənov deyib. Onun sözlərinə görə, Türkiyənin Balıkəsir bölgəsində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılmasını nəzərə alaraq mayın 5-dən etibarən Balıkəsir və ona yaxın olan Kütahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş və quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verilib.

 

"Bu barədə Beynəlxalq Epizootik Büronun məlumatı bizə daxil olub. Bu məlumata istinad edərək sərəncam imzalanıb. Sərəncama uyğun olaraq həmin bölgədən və ona yaxın ərazilərdən quş ətinin gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Tək quş əti deyil, burada yumurtanın da, bir günlük cücələrin də və digər məhsulların da gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib" - deyə Yolçu Həsənov bildirib.

 

Onun sözlərinə görə, xidmətin sektor müdirlərinə tapşırılıb ki, ölkənin ekzotik vəziyyətini təmin edilməsi istiqamətində lazımi işlər görülsün və iş adamlarına bu barədə məlumat verilsin. Hazırda ölkədə quş qripi ilə bağlı monitorinqlər davam etdirilir: "Bu, ilin ikinci monitorinqidir. Bundan əvvəlki monitorinqdə də hardasa 2000-ə yaxın nümunədən müayinə aparıldı. Bu nümunələrin heç birində quş qripinin daşıyıcısı aşkar edilmədi. Hazırda monitorinq qrupu Ağcabədidəki Ağgöl ərazisindədir. Bundan əlavə, Abşeron və Şabrandakı ərazilərdən nümunələr götürülüb və ilkin müşahidələr onu göstərir ki, müvəqqəti cənubdan hərəkət edən quşlar arasında hələ narahatedici hal qeydə alınmayıb".

 

Qeyd edək ki, ölkə ərazisində köçəri və ev quşlarına görə aparılan monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq. Nəticələr isə mayın 15-də ictimaiyyətə açıqlanacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova