Asiyada ABŞ-a qarşı Rusiya-Hindistan-Çin koalisiyası

Rusiya ilə Hindistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi Vaşinqtonun planlarını alt-üst edib. ABŞ-ın Asiyada qüvvələr balansını bərpa etməyə dair gecikmiş cəhdləri belə BRİKS təşkilatının möhkəmlənməsinin qarşısını ala bilməyəcək.

 

Pentaqon rəhbəri Eşton Karter rəsmi Dehliyə ABŞ taktiki aviasiyasının yeni məhsullarını təklif edəcək və çox güman ki, Hindistanın baş naziri ilə 10 il müddətinə ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayacaq. “The Diplomat” nəşrinin hərbi eksperti, kiberdiplomatiya sahəsində mütəxəssis Frans-Ştefan Qadi hesab edir ki, ABŞ-ın bu addımlarını BRİKS üzvləri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə gecikmiş cavab kimi dəyərləndirmək lazımdır. Qeyd edək ki, ötən il Hindistan Rusiyadan 4,7 milyard dollarlıq hərbi texnika və silah alıb. Rusiya hərbi texnikası əldə edərək güclənən BRİKS artıq təkcə iqtisadi alyans deyil, həm də qlobal oyunçu sayıla bilər.

 

Frans-Ştefan Qadinin fikrincə, ABŞ Hindistanla hərbi əlaqələri genişləndirməklə bir güllə ilə iki dovşan vurmaq istəyir. Vaşinqton həm Moskvanın Asiyadakı uğurlarına kölgə salmaq niyyətindədir, həm də Dehli ilə Pekin arasında ziddiyyətləri dərinləşdirməyi düşünür.

 

Avstraliyalı ekspert Krispin Roverin fikrincə, ABŞ-ın bu cəhdlərin rəğmən, yürütdüyü strategiya iflasa uğrayıb. Çinlə Hindistan arasında problemlər olsa da, onlar arasında qarşıdurma, ABŞ-Çin qarşıdurmasının kölgəsində qalır.

 

Ekspert hesab edir ki, Rusiya Hindistanın yeganə strateji tərəfdaşı olmaqda qalır, Rusiya, Hindistan və Çin isə çoxqütblü dünya yaradılması siyasətini davam etdirirlər. Uzunmüddətli perspektivdə bu üç ölkənin iştirakı ilə anti-Amerika koalisiyasının yaradıla biləcəyi ehtimalını nəzərdən qaçırmaq olmaz.

Müəllif | Apa.Tv
Apa.tv