Bakıda VII Kitab bayramı keçirildi

Nizami Gəncəvi, Məhəmməd Füzuli, Sabir, Cəlil Məmmədquluzadə, Dostoyevsi, Tolstoy, Cek London, Çingiz Aytmatov, Çingiz Abdullayev... Bu siyahını sonsuza kimi artırmaq olar. Çünki bu gün paytaxtımızda Azərbaycan və dünya klassiklərinin əsərləri bir araya gəlmişdi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın Filarmoniya bağında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən VII Kitab bayramında.

 

Kitab bayramında paytaxtda fəaliyyət göstərən 22 tanınmış nəşriyyatın kitabları sərgilənir. Sərgi-yarmarkada ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən kitablar da nümayiş edilir.

 

Kitabların qiymətinə gəlincə, nəşr tarixi və cildlənməsindən asılı olaraq 2 manatdan başlayaraq 20 manata kimi kitabları əldə etmək olar. Satıcılar deyir ki, son dövrlər Azərbaycanda ən az satılan kitablar uşaq ədəbiyyatı silsiləsindən olan bədii ədəbiyyatdır: "Ümumiyyətlə, Azərbaycanda uşaq ədəbiyyatına maraq o qədər də yüksək deyil. Alıcılıq da bu sahədə azdır. Alınan kitabların da əksəriyyəti rus və türk dilində olan kitablardır. Valideynlər əsasən rus dilində rus naşirlərinin kitablarını sifariş verirlər. Köhnə qrafika ilə nəşr olunan kitablar yeni nəşrlərdən daha çox satılır. Çünki bir neçə dəfə ucuz başa gəlir. Yeni nəşrlə bir kitab almaq istəyən şəxs köhnə nəşrlə 4 -5 kitab ala bilir". 

 

Sərgi-yarmarkada diqqət çəkən bir məqam da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Moskvada nəşr olunmuş 126 Azərbaycan və xarici ölkə müəllifinin 309 adda kitabının alınaraq, Bakı şəhər kitabxanalarına hədiyyə edilməsi oldu. 

 

Müəllif | Apa.Tv