Mikayıl Cabbarov: "Avropa Oyunları həm də ali təhsil müəssisələrimizi tanıtmaq imkanıdır"

"Yeni idman komplekslərinin tikilməsi, paytaxtda infrastrukturun yenilənməsi və idmançılarımızın təlim-məşq toplantılarında uğurla iştirakı deməyə əsas verir ki, ölkəmiz I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır". Bunu APA TV-yə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

 

Nazir deyib ki, oyunlarda iştirak edən bir çox idmançılar hazırda təhsil müəssisələrində çalışan və ya təhsil alan gənclərdir. Onların hər birinin uğuru təhsilimizin uğuru hesab edilir: "I Avropa Oyunlarında iştirak edən atletlərlə görüşmüşük. Onların əksəriyyəti təhsil sistemində fəaliyyət göstərən məktəbdən kənar idman məktəblərimizin məzunları və ya əməkdaşlarıdır. Biz şəxsən onlara söz vermişik ki, gəlib onların iştirak etdiyi yarışlara azarkeşlik edəcəyik. Düşünürəm ki, Avropa Oyunları  xalqımıza müsbət əhval-ruhiyyə verəcək".

 

Avropa Oyunlarının həm də ölkənin ali təhsil müəssisələrini tanıtmaq baxımından əla fürsət olduğunu deyən nazir bildirib ki, ölkəmizə gələcək turistlər Azərbaycan haqqında yetərincə məlumat aldıqdan sonra burda təhsil almaq imkanlarını da dəyərləndirə bilərlər. Bunun üçün ölkəmizdə kifayət qədər ali təhsil müəssisəsi var ki, burada tədris prosesi dünya standartlarına cavab verir: "Hesab edirəm ki, Avropa Oyunları və digər beynəlxalq yarışlar vasitəsilə ali təhsil müəssisələrimizin tanınması müsbət hal olacaq. Ölkəmizə nə qədər çox turist gələrsə və onların ətrafında bir o qədər də insan olarsa, Azərbaycan haqqında bilgilər xarici ölkələrdə daha çox yayıla bilər. Bu isə ölkəmizin tanınmasına, eləcə də ali təhsil müəssisələrinə tələbələrin cəlb edilməsinə şərait yaratmış olacaq".

 

Oyunlardan sonra yarışların keçirildiyi idman kompleksləri və sarayların gələcək nəsillərin sağlam inkişafına xidmət göstərəcəyini deyən Mikayıl Cabbarov hesab edir ki, Avropa Oyunlarından ruhlanan gənclər gələcəkdə idmana daha çox həvəs göstərəcəklər. Bir sözlə, ölkənin tanıdılması istiqamətində I Avropa Oyunları böyük fürsətdir.

 

Müəllif | Apa.Tv