Əfqanıstanda linç edilən qadının qatilləri edam cəzası aldı

Əfqanıstanda dörd kişi edam cəzasına məhkum edilib. Onlar 28 yaşlı Fərhundəni linç edərək öldürməkdə təqsirli bilinir.

 

Martın 19-da Quranı yandırdığına görə gənc qadını vəhşicəsinə döyərək öldürməkdə günahlandırılan şəxslərin məhkəməsi 4 gün davam edib. Məhkəmədə 19-u polis olmaqla 49 nəfər mühakimə olunub. Onlardan 18-i günahsız bilinib, 8-i isə 16 il həbs cəzası alıb. Hadisəyə müdaxilə etməyən polislər haqqında qərarın mayın 10-da keçiriləcək məhkəmə prosesində veriləcəyi gözlənilir.

 

Faciəvi şəkildə döyülərək öldürüldükdən sonra cəsədi yandırılan və Kabildəki çaya atılan Fərhundənin ailəsi qızlarının əqli çatışmazlıqdan əziyyət çəkdiyini və Quranı bilərəkdən yandırmadığını iddia edib. Prokuror isə Fərhundənin Quranı yandırdığına dair hər hansı dəlil tapa bilmədiklərini açıqlayıb.

 

Qeyd edək ki, gənc qadının ölümü ölkədə və dünyada geniş etirazlara səbəb olmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı