"Tour d’Azerbaidjan-2015": I mərhələyə yekun vuruldu

Bu gün “Tour d’Azerbaidjan-2015” veloyürüşünə start verilib. APA TV-nin məlumatına görə, 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi paytaxtda başlayıb.

 

Startdan öncə iştirakçı komandaların təqdimatı baş tutub. Turun start fiti isə saat 10:30-da Dövlət Bayrağı Meydanında verilib. Ümumi uzunluğu 154 km təşkil edən mərhələyə Sumqayıtda yekun vurulub.

 

Bakıdan “Gənclik şəhəri”nə yollanan yürüş iştirakçıları burada şəhər marşrutu üzrə 5 dövrə vurduqdan sonra finiş xəttinə çatıblar. Mərhələnin qalibi adını Marko Kump (“Anria Mobil”, Sloveniya) qazanıb. Liderin daşıdığı göy köynəyi ələ keçirən idmançının mükafatını icra başçısı Eldar Əzizov təqdim edib.  Kump həm də ən yaxı sprinterə verilən yaşıl köynəyə sahib çıxıb.

 

2-ci yeri Franceska Kikki (“Anria Giocattoli” - Sidermec, Italiya) tutub. Ona mükafatı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov verib.

 

3-cü yeri “Sinergy Baku”nun üzvü Maksim Averin tutub. Ona mükafatı atası Aleksandr Averin təqdim edib.

 

I mərhələnin dağa təsadüf edən hissəsində isə “Sinergy Baku”nun üzvü Azərbaycan təmsilçisi Elçin Əsədov qalib gəlib. Bununla da o, qırmızı köynəyə yiyələnib. Ən gənc velosipedçinin daşıdığı bənövşəyi köynək isə Vladimir Xaraxavikə (“Minsk Cycling Club”, Belarus) verilib.

 

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.

 

"Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı "Eurosport"la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəklində tamaşaçılara təqdim ediləcək. "İdman Azərbaycan" kanalı isə turun bütün mərhələlərini canlı nümayiş etdirəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv