Bakı-Sumqayıt yolunda yük maşını aşdı

Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Sumqayıt şəhərindən paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Məcidov Ağababa Qulam oğlu idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

 

Qəza zamanı xəsarət alan sürücü hadisə şahidlərinin səyləri ilə avtomobildən çıxarılıb. Ağababa Məcidov təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, ağır kəllə-beyin travması və baş beyinin silkələnməsi diaqnozu qoyulan sürücü reanimasiya şöbəsinə yerləşdirilib.

 

Aşan avtomobil yüklü olub. Onun yük yerində olan qum yola dağılıb. Qəza nəticəsində Sumqayıtdan Bakı istiqamətində tuneldə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Bakıya gələn maşınlar kənar yolla hərəkət etməli olublar. Yük maşını aşan zaman tunelin beton divarını da uçurub.

 

Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, eləcə də hadisənin fəsadlarının aradan qaldırılması üçün ağır texnika cəlb edilib. Aşan yük maşını çətinliklə olsa da, ərazidən uzaqlaşdırılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya avtomobilin həddindən çox yüklənməsi, havanın yağışlı olması və sürücünün hava şəraitinə uyğun sürət həddi seçməməsi səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv