Dünyanın ən zəngin klublarının siyahısı açıqlandı: reytinqdə ilk dəfə Türkiyə klubu var

"Forbes" jurnalı son 10 ildə ilk dəfə dünyanın ən varlı futbol klublarının reytinqini açıqlayıb. APA TV-nin məlumatına görə, reytinqə İspaniya klubları başçılıq edir.

 

Madrid "Real"ı 2012-2013-cü il mövsümündə 675 milyon dollar qazanıb. Bu, təkcə futbol klubları üçün yox, bütövlükdə idman klubları arasında tarixi rekord hesab olunur. "Forbes" "Real"ın kapitalını 3,44 milyard dollar dəyərləndirib. "Real" son dörd ildə Çempionlar Liqasının yarımfinalında oynayıb. Dünyanın ən çox qazanan futbolçusu Kriştianu Ronaldunun da şərəfini qoruduğu "Kral klubu" Çempionlar Liqasının ötən mövsümündə 62 milyon dollar qazanıb. Bundan başqa, klub "Adidas"la 52 milyon dollarlıq, "Emirates"lə 39 milyon dollarlıq müqavilə imzalayıb.

 

Reytinq siyahısının ikinci pilləsində yer alan "Barselona" sərvətini 23 faiz artırıb və 3,2 milyard dollara çatdırıb. 2014-cü ildə "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsində "Atletiko"ya məğlub olaraq turniri tərk edib. Amma 2007-2008-ci il mövsümündən başlayaraq, Kataloniya klubu hər il ən azı yarımfinallara qədər yüksəlib. Komandanın heyətində dünya ulduzları, o cümlədən dörd "Qızıl top"un sahibi, dünyanın ikinci ən bahalı futbolçusu Lionel Messi çıxış edir.

 

Üçüncü pillədəki "Mançester Yunayted"in 2,81 milyard dollar sərvəti var. Bununla belə, İngiltərə Premyer Liqasındakı uğursuz çıxışı və növbəti mövsümdə Çempionlar Liqasına düşə bilməməsi klubun gəlirlərini 11 faiz azaldıb.

 

İlk dəfə reytinqə Türkiyə klubu da daxil edilib. Bu, Türkiyənin ən reytinqli klubu "Qalatasaray"dır. "Sarı-qırmızı" klub 19 dəfə Türkiyə çempionu olub. 2012-2013-cü il mövsümündə "Qalatasaray" ardıcıl ikinci dəfə Türkiyə Superliqasının qalibi olub və Çempionlar Liqasının 1/4 finalında oynayıb. Bu, İstanbul klubuna 32 milyon dollar qazandırıb. "Qalatasaray"ın sərvətinin 347 milyon dollar olduğu bildirilir və reytinq siyahısının 17-ci pilləsindədir.

 

Qeyd edək ki, reytinq tərtib olunarkən klubların Çempionlar Liqasında iştirakı, reklam müqavilələri və daxili çempionatdakı oyunların televiziya yayımından əldə etdiyi gəlirlər nəzərə alınıb. 

Müəllif | Apa.Tv
Apa.tv