Qax Rayon İcra Hakimiyyətinə məxsus avtomobil körpüdən aşdı: ölənlər və yaralananlar var

Qaxda Rayon İcra Hakimiyyəti aparatına məxsus avtomobil körpüdən aşıb, ölənlər və yaralananlar var.

 

APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunda, Qax şəhərinin girişində  baş verib.

 

Qax şəhər sakini, 52 yaşlı Azər İsgəndər oğlu Qazaxov Qax rayon İcra Hakimiyyətinə məxsus “QAZ-3110” markalı avtomobillə Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını Kürmük çayı üzərindəki körpüdən aşırıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin Şahid Əhmədov hadisə yerində, digər sərnişin Vüqar Paşayev isə xəstəxanaya aparılarkən yolda ölüb. Avtomobilin sürücüsü Azər Qazaxov və digər sərnişinlər - Qax şəhər sakinləri 38 yaşlı Asif  Seyid oğlu Məmmədzadə və 61 yaşlı Firudin  İsmayıl oğlu Yusifzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX)   yerləşdiriliblər.


Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, hadisə zamanı ölən Şahid Əhmədov Qax Rayon İcra Hakimiyyətinin əməkdaşıdır.

Müəllif | Apa.Tv
Apa.tv