"Barselona" "Bavariya"nı darmadağın etdi

Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. APA TV-nin məlumatına görə, İspaniyanın Barselona şəhərində eyniadlı komanda Almaniya “Bavariya”sını qəbul edib.

 

Qarşılaşma “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola üçün xüsusi önəm kəsb edirdi. Belə ki, ispaniyalı mütəxəssis sabiq klubu ilə duelə çıxacaqdı. Kataloniya təmsilçisi 2 il əvvəl aldığı böyük hesablı məğlubiyyətlərin əvəzini çıxmaq iddiasında idi. 2012/13 mövsümündə yarımfinalda qələbə qazanan (4:0, 3:0) “Bavariya” həmin vaxt olduğu kimi, yenə yarışın qalibi olmaq arzusundadır.

 

Artıq Almaniya çempionu adını təmin edən “Bavariya” bütün gücünü qitənin ən nüfuzlu klub turnirinə səfərbər edibsə, ispaniyalılar həm daxili, həm beynəlxalq arenada mübarizəni davam etdirir. Amma vaxtilə futbolçu kimi eyni klubda çıxış etdiyi Luis Enrikenin komandası ilə mübarizə Qvardiola üçün uğurlu olmadı.

 

Oyunun ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, 45 dəqiqə boyunca səssizlik pozulmadı. İkinci hissəyə meydan sahibləri daha fəal başladılar. Bir neçə epizodda hesabı açmağa yaxın olsalar da, bəzi hallarda "Bavariya"nın qapıçısı Noyer, bəzən isə qeyri-dəqiqlik buna mane oldu. 76-cı dəqiqədə isə hətta Noyer də Messinin qarşısını ala bilmədi - 1:0.

 

Qonaqlar özünə gəlməmiş Messi dublunu rəsmiləşdirərək, komandasını bir az da rahatlatdı. Bu qol oyunun 80-ci dəqiqəsinə təsadüf etdi.

 

Oyuna əlavə olunmuş dəqiqələrdə Neymarın vurduğu qol isə darmadağını rəsmiləşdirdi.

 

Beləliklə, "Barselona" öz meydanında böyük hesablı qələbə qazanaraq cavab qarşılaşması üçün üstünlük əldə etdi.

 

Qeyd edək ki, yarımfinalın ilk oyununda “Yuventus” (İtaliya) “Real”ı (İspaniya) 2:1 hesabı ilə məğlub edib.

Müəllif | Apa.Tv
Apa.tv