İspaniyada futbol qalmaqalı: çempionat dayandırılır

La Liqada son iki turun oyunları keçirilməyəcək. İspaniyada mayın 16-dan etibarən futbol liqalarında oyunlar dondurulacaq.

 

APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, futbolçuların maliyyə borclarının lazımi səviyyədə tənzimlənməməsindən narazılıq bildirən İspaniya Futbolçular Birliyi (AFE) bütün çempionatlarda tətil etmək qərarına gəlib. Bundan əlavə, canlı yayım haqlarının hovuz sisteminə keçməsini tələb edən qərarın yerli hökumət tərəfindən aprelin 30-da verilməsinə baxmayaraq, futbolçuların borclarının ödənməsində hələ də çatışmazlıqlar olduğu əsas gətirilib.

 

Bu gün mətbuat konfransı keçirəcək AFE rəhbəri Luis Rubialesin bu qərarı rəsmən açıqlaması gözlənilir. Futbolçuların 50 faizindən çoxunun maliyyə problemi yaşadığını bildirən birlik həm bunun həllini, həm də menecerlərlə bağlı verilən qərarın dəyişməsini tələb edir. Belə ki, hökumətin qərarına görə, 2016/17 mövsümündən etibarən menecerlərin məvacibini, həmçinin onların vergi pulunu klublar yox, futbolçular ödəməlidir. İspaniya Futbolçular Birliyi də bu qərara etiraz edir.

 

AFE-nin tətil qərarı səbəbindən futbolçular La Liqada 37 və 38-ci turlara çıxmayacaqlar. Bu isə o deməkdir ki, çempionluğa iddia edən “Barselona”nın “Atletiko” və “Deportivo” ilə, “Real”ın isə “Espanyol” və “Xetafe” ilə qarşılaşmaları təxirə salınacaq.

Müəllif | Apa.Tv
Apa.tv