Ərəstu Həbibbəyli: “Bakı-Tiflis-Qars dәmiryolu xәtti yeni dәmir İpәk Yolu olacaq”

Bakı şəhərində “Cәnubi Qafqaz vә Mәrkәzi Asiya ölkәlәri İpәk Yolu iqtisadi kәmәri konteksindә” mövzusunda konfrans keçirilir. APA TV-nin mәlumatına görә, konfransda Azәrbaycan, Çin, Türkiyә, Gürcüstan vә Mәrkәzi Asiya ölkәlәrindәn beyin mәrkәzlәrinin rәhbәrlәri iştirak edir. Tәdbirdә çıxış edәn Prezident Administrasiyası Xarici әlaqәlәr şöbәsinin müdir müavini Әrәstu Hәbibbәyli Bakı-Tiflis-Qars dәmir yolu xәttinin ilin sonuna kimi istifadәyә verilәcәyini xatırladıb. Onun sözlərinə görə, Çinin yeni İpәk Yolu konsepsiyası bu ölkəni yeni dünya kimi tәqdim edәn ilk meqalayihәdir. Qafqaz bu nәqliyyat dәhlizindә әn mühüm regiondur:

 

“Bu istiqamәtdә regionun tәşәbbüsü olan Bakı-Tiflis-Qars dәmiryolu xәtti yaxın vaxtlarda istifadәyә verilәcәk. Azәrbaycan bu layihәdә öz öhdәliklәri ilә bәrabәr Gürcüstana kredit verәrәk dünyaya donor Azәrbaycanı tәqdim edib. Bu layihә yeni dәmir İpәk Yolu olacaq”.

 

Türkdilli Ölkәlәrin Әmәkdaşlıq Şurasının baş katibi Ramil Hәsәnov regional ölkәlәrin bu layihәlәrin hәyata keçirilmәsi üçün güclәrini birlәşdirmәli olduğunu söyləyib.

 

Çinin Sosial Elmlәr Akademiyasının Rusiya, Mәrkәzi Asiya, Şәrqi Avropa İnstitutunun direktoru Li Youn Çuan bildirib ki, Yeni İpәk Yolu marşrutunu yaradarkәn Cәnubi Qafqazdan yan keçmәk mümkün  deyil. Onun sözlәrinә görә, layihә yalnız iqtisadi әmәkdaşlığa әsaslanacaq və bu, yeni geosiyasi oyun deyil.

 

Panel müzakirәsindә çıxışı zamanı Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mәrkәzinin (SAM) direktoru Fәrhad Mәmmәdov bəyan edib ki, Azәrbaycan İpәk Yolu iqtisadi marşrutunda fәal rol oynamaq niyyәtindәdir:

 

“Layihәlәrәdә xüsusi bәnd var ki, Ermәnistan bu layihәlәrә qoşula bilәr, amma bir şәrtlә ki, işğalçılıq siysәtindәn әl çәksin vә Qarabağın azad olmasına tәkan versin. Ermәnistanın şәrq vә qәrb sәrhәdlәri bağlıdır. Bu işğal davam etdikcә belә olacaq. Ermәnistan iqtisadi cәhәtdәn perspektivsiz ölkәdir”.

 

Tәdbirdә Türkiyә, Gürcüstan, Çin vә Orta Asiyadan olan beyin mәrkәzlәrinin direktorları çıxış ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv