Səlim Müslümov İkinci Dünya müharibəsinin veteranları ilə görüşdü

1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları ilə görüş keçirilib.

 

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının da misilsiz xidmətlər göstərdiyini vurğulayıb, Azərbaycanın igid oğul və qızlarının ön cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən, xalqımızın arxa cəbhədə fədakar əməyindən bəhs edib.

 

Nazir bildirib ki, İkinci Dünya müharibəsi əlillərinə Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği 85 faizə yaxın artırılaraq I qrup əlillər üçün 90 manatdan 150 manata, II qrup əlillər üçün 70 manatdan 130 manata, III qrup əlillər üçün 50 manatdan 100 manata çatdırılıb. Təkcə ötən il bu şəxslərə ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin Böyük Vətən müharibəsi iştirakçılarına 2012-ci ilin iyulun 1-dən təyin olunaraq ödənilən Prezident təqaüdünün aylıq məbləği ötən dövrdə 81,8 faiz artırılaraq 55 manatdan 100 manata çatdırılıb: "1997-2015-ci illər ərzində 1065 nəfər İkinci Dünya müharibəsi əlilinə avtomobil verilib. Bunlardan 190-a təkcə keçən il ərzində bu avtomobillər təqdim edilib. Eləcə də 102 nəfər İkinci Dünya müharibəsi iştirakçısı əlil xüsusi mənzillərlə təmin edilmişdir. Bundan əlavə böyük sayda İkinci Dünya müharibəsi əlilləri hər il sanatoriya müalicəsinə göndərilib. Eyni zamanda bu gün 733 nəfər İkinci Dünya müharibəsi əlili müxtəlif formalarda dövlətin sosial müdafiə tədbirlərindən istifadə edir".

 

S.Müslümov 2006-cı ilin 01 yanvarından İkinci Dünya müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələrin hesablandığını da qeyd edib. O bildirib ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamlar imzalanır. Bu il də 18881 nəfərə birdəfəlik maddi yardım ödənilib. Həmin insanlardan 1342 nəfəri bilavasitə İkinci Dünya müharibəsi iştirakçısıdır və onların hər birinə 800 manat məbləğində birdəfəlik yardım verilib.

 

Daha sonra Böyük Vətən müharibəsi veteranları çıxış edib.

 

Tədbir musiqi proqramı ilə davam edib.

Müəllif | Apa.Tv
Apa.tv