YAP-ın təşkilatçılığı ilə “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan müasir dünyada” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin məlumatına görə, konfransdan öncə dövlət və hökumət rəsmiləri, millət vəkilləri Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

 

Konfransda çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmağın mümkün olmadığını, Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu söyləyib: “Heydər Əliyevin qurduğu və prezident İlham Əliyevin gücləndirdiyi Azərbaycanın dünya birliyində nüfuzu artacaq”. 

 

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, əgər əvvəllər Qərbi Avropaya inteqrasiya arzulanırdısa, bu gün fərqli tendensiyalar səbəbindən bu arzu ilə bağlı xəyal qırıqlığına uğrayanlar çoxdur: "Bu gün dünyada anti-turk, islamofobiya kimi meyllər, müstəqil dövlətlərə qısqanclıq müşahidə edilir, eyni zamanda öz taleyinə, resurslarına sahib olmaq, öz siyasətini yeritmək bir çox beynəlxalq dairələrin xoşuna gəlmir”.

 

Bahar Muradovanın sözlərinə görə, Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması bir neçə amillə bağlıdır: “Bunlardan birincisi Heydər Əliyev məfkurəsinə söykənən azərbaycançılıq ideyasıdır. Biz Azərbaycanı daha da yüksəkliklərə qaldıracağıq”.  

 

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan mili maraqlarına uyğun olaraq həm Qərbə və avroatlantik strukturlara inteqrasiya edir, həm də Şərq ölkələri ilə çoxşaxəli əməkdaşlığı davam etdirir: “Bu kontekstdə xarici siyasət kursunda strateji prioritet kimi müəyyən olunmuş əsas vəzifə Dağlıq Qarabağ düyününün açılmasıdır. Son dövrlər Ukraynada cərəyan edən hadisələrdən dolayı beynəlxalq ictimaiyyət sanki qəflət yuxusundan ayılaraq separatizmin bəşəriyyət üçün necə ağır nəticələr verə biləcəyinin fərqinə varmağa başlayıb. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün yeni perspektivlər açır”.

 

Konfransda artıq Azərbaycanın haqq işi daha konkret olaraq dəstəkləndiyi bildirilir, ölkənin öz ərazi bütövlüyünü təmin etmək əzmində və iqtidarında olduğu vurğulanıb. 

Müəllif | Apa.Tv
Apa.tv