Göyçayda faciə: ata və iki azyaşlı uşağı yanaraq öldülər

Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə nəticələnən dəhşətli hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Göyçay şəhərinin Ziya Bünyadov küçəsində, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Laçın qızına məxsus evdə qeydə alınıb.

 

Ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

 

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahibi Xəyalə Əhmədovanın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, onun iki övladı, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı yanaraq ölüb.

 

Hazırda yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov