“Tour d’Azerbaidjan-2015”: İkinci mərhələnin qalibi Primoş Roqliç oldu
“Tour d’Azerbaidjan-2015” veloyürüşünün ikinci mərhələsinə yekun vurulub.
APA TV-nin məlumatına görə, 5 mərhələdən ibarət yarışın bu hissəsində start xəttinə Bakıda çıxan velosipedçilər finişə İsmayıllıda çatıb.
25 komandanın iştirakı ilə təşkil olunan yürüşün iştirakçıları Velosiped Parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətinə yola düşüblər. Paytaxtı tərk edən velosipedçilər 187 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.
Mərhələnin qalibi Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) olub. O, həm liderin daşıdığı göy köynəyə, həm də qırmızı köynəyə yiyələnib. Mərhələnin dağ hissəsinin qalibi də Roqliç olub.
“Sinergy Baku”nun sloveniyalı velosipedçisi Matey Muqerli isə finiş xəttini 2-ci keçib. Kristofer Horner (“Airgas-Safeway”, ABŞ) isə 3-cü yeri tutub. “Sinergy Baku”nun üzvü Maksim Averin yaşıl köynəyi ələ keçirib. Bənövşəyi köynəyin sahibi isə Frantişek Sisr (“Dukla”, Çexiya) olub.
Qeyd edək ki, yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (177,2 km) qayıdacaqlar.