Yəmən üsyançıları Səudiyyə Ərəbistanının cənubunu bombaladı
Səudiyyə Ərəbistanı Yəmənə qarşı hərbi əməliyyatları 5 günlük dayandıra biləcəyini açıqlayıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu açıqlamanı səudiyyəli rəsmilər ABŞ dövlət katibi Con Kerri ilə Ər-Riyadda görüşdən sonra bəyan ediblər. Məqsəd Yəməndə ağır vəziyyətdə olan dinc sakinlərə humanitar yardımın çatdırılmasına şərait yaradılmasıdır.
Görüşdən sonra Con Kerri jurnalistlərin qarşısına çıxıb. "Bugünkü bəyanatdan və aviazərbələrin dayandırılmasından sonra bir neçə gün ərzində əhaliyə dərmanlar, ərzaq və digər lazım olan yardımlar göstəriləcək. Bombardmanların tamamilə dayandırılması isə husilərin təklif olunan şərtləri qəbul etdiyi təqdirdə baş tutacaq" - deyə diplomat əlavə edib.
Yəməndə baş verənlər isə sülhdən danışmağın hələ tez olmasından xəbər verir. "Ərəb koalisiyası" ölkənin müxtəlif ərazilərini raket atəşinə tutub. Husilər isə buna Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinə artilleriya zərbələri endirməklə cavab veriblər.