Bakıda konkur üzrə VII beynəlxalq turnirə start verilib
Mayın 7-də Azərbaycan Atçılıq Federasiyasının təşəbbüsü ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə VII beynəlxalq turnirə start verilib. APA TV-nin xəbərinə görə, turnirin ümumi mükafat fondu 203 500 avro təşkil edir.
ARAF-ın vitse-prezidenti Bəhruz Nəbiyev qeyd edib ki, turnir çərçivəsində tullanmaların hündürlüyünə görə fərqlənən 5 növ üzrə yarışlar keçiriləcək. Konfransda çıxış edən Türkiyə, Rusiya və İran hakimləri tədbirin hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
7-ci dəfədir Azərbaycanda keçirilən turnirdə 6 ölkədən 41 at və 18 jokey iştirak edir. Bu dəfə "Heydər Əliyev Kuboku" uğrunda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Lüksemburqdan olan jokeyləri mübarizə aparacaq. Hal-hazırda yarış başlayıb.
Yarışlara Azərbaycandan 8 idmançı, İrandan 5, Gürcüstandan 2, Rusiya, Türkiyə və Lüksemburqun hərəsindən bir idmançı qatılıb. Turnir 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və yarışların ilk iki günündə iştirakçılar adama 50 xal, sonuncu gün isə 100 xal toplaya biləcəklər. Yarışlar mayın 9-dək davam edəcək.
Qeyd edək ki, turnirin qonaqlarını maraqlı müsahibə ilə yanaşı, festival yarmarkası və lotereya eyni zamanda müğənnilərin iştirakı ilə konsert proqramı gözləyir.