“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhər birinciliyi keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhər birinciliyi FHN-in Fövqəladə hallarının xəbərdar edilməsi Baş İdarəsinin, FHN Bakı Regional Mərkəzinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, nazirliyin aidiyyəti qurumları ilə qarşılıqlı fəaliyyəti çərçivəsində keçirilib.
APA TV-nin xəbərinə görə, yarışın açılış mərasimində çıxış edən Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamov bu yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən bəhs edib.
Bakı şəhər birinciliyi “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” və “Komandaların təqdimatı” üzrə 4 mərhələdən ibarət olub.
Komandalar yanğınsöndürmə dəstlərini geyinərək müxtəlif maneələri bacarıqla dəf edib, yüksək təzyiqli su şırnağı ilə qarşıdakı hədəfləri vurublar. “Maneələr zolağı” mərhələsində hər komandanın 5 üzvü müxtəlif maneəli zonaları keçiblər.
“Gənc ekspertlər” mərhələsində komandaların fövqəladə hallarla bağlı bilik səviyyələri sınağa çəkilib. Bu zaman komandalara fövqəladə hallar və həmin hallarda davranış qaydaları barədə suallar verilib. “Komandaların təqdimatı” mərhələsində isə fövqəladə hallar və vətənpərvərlik mövzuları üzrə səhnəciklər nümayiş etdirilib.
Yarışda Nizami rayonu 220 nömrəli orta məktəbin komandası birinci, Yasamal rayonu 225 nömrəli orta məktəbin komandası ikinci, Yasamal rayonu 158 nömrəli məktəbin komandası isə üçüncü yeri tutub. Komandalar kubok və hədiyyələrlə mükafatlandırılıb.