Şuşanın işğalının 23-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü ilə əlaqədar “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
APA TV-nin məlumatına görə, ziyarətçilər “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı Şuşanın işğalı ilə heç cür barışmır. O, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlərin xalqda bir ümid yaratdığını vurğulayıb: “Son vaxtlar xalqımızın ümidi daha çox artıb. İstər cəbhədə, istərsə də respublikamızda və dünya miqyasında görülən işlər erməni işğalının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Dağlıq Qarabağın işğalı ilə bağlı filmlər çəkilir, kitablar yazılır, “Xocalıya ədalət”, “Şuşaya azadlıq” kampaniyaları keçirilir. Son vaxtlar Azərbaycanın dünya ölkələri arasında özünə layiq olan yeri tutması qonşu dövlətləri də narahat edir. Prezidentimiz hər bir vətəndaşımız üçün diqqət, qayğı göstərir ki, bu da bizdə işğal altında olan torpaqlarımıza tez qayıdacağımız haqqında əminlik yaradır”.
Bayram Səfərov qeyd edib ki, bu gün Azərbaycanın ordusu güclüdür və müasir silahlarla təmin edilib: “Ən əsası odur ki, Azərbaycan gəncliyi və Azərbaycan ordusu torpaqlarımızın azad olunmasının arzusundadır”.
Şuşa Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Orduxan Kərimov keçmiş döyüşçü kimi xatirələrini bölüşüb: "Şuşada döyüşdüyümüz anlar belə bu gün bizim üçün əlçatmazdır, əzizdir. İndi ön xətdə xidmət aparırıq. İndi atəşkəs pozulanda o günləri xatırlayıram. Kaş orda olub, yenə döyüşərdik. Bu yaşamağımızın səbəkarı məhz şəhid olan gənclərimizdir. Döyüşlərdə Albert Aqarunovun şuşalılara köməyi unudulmazdır, şəhər uğrunda gedən döyüşlərdə mayın 7-də yeddi nəfər itkin düşdü. Şuşa türməsi ətrafında iki nəfər öldü. Elə ailələr var ki, iki-üç övladını birdən itirdi. Mən inanıram ki, keçmiş döyüşçülər həmin günü səbirsizliklə gözləyirlər ki, çağırış olsun. Biz o günə hazırıq".
Şuşanın işğalı zamanı 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.