İranda iğtişaş: Mahabad sakinləri otelə od vurdu
İranın Məhabad şəhərində minlərlə sakin küçələrə axışıb. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları şəhərdəki otellərdən birinə od vurublar. Buna səbəb bir neçə gün öncə həmin oteldə qadının təcavüzə uğramaqdan qurtulmaq üçün özünü dördüncü mərtəbədən atmasıdır. Hadisə şəhərdəki yeganə dördulduzlu otelində baş verib. Sahibkara obyektə beşulduzlu otel statusu verəcəyini vəd edən məmur bu xidmətin müqabilində 25 yaşlı qadını zorlamaq istədiyini bildirib. Qadın təcavüzdən xilas olmaq üçün intihar yolunu seçib. Şəhər meri Cəfər Kətani xəbəri təsdiqləyib, təqsirləndirilən şəxs saxlanılıb. Buna baxmayaraq baş verənlər sakinlərin əsəbini soyutmayıb. Oteli yandıran kütlə hadisənin görüntülərini sosial şəbəkələrdə də yayıblar. Asayiş keşikçiləri kütləni dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib. Yaranan qarşıdurmada xəsarət alanlar var.