“Aşıq Şəmşir” Mədəniyyət Ocağında Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsində Heydər  Əliyev  irsinin rolu” mövzusunda tədbir keçirilib.

 

Tədbir iştirakçıları ulu öndərə həsr olunmuş Aşıq Şəmşrin “Zərli tac kamallı başa yaraşır” şeiri əsasında hazırlanmış videoçarxa baxıblar. Tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Bu zəngin xəzinənin milli-mənəvi və bəşəri dəyərlərinin xalqa, xüsusən də gələcək nəsillərə yetərincə çatdırılması qarşıda duran ən vacib və əhəmiyyətli vəzifədir. Heydər Əliyevin ən layiqli davamçısı olan, gənclərin hər zaman özlərinə örnək saydığı prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısı da qeyd edilib.

 

Tədbirdə iştirak edən Azərbaycan prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov çıxışında bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkə xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb.

 

Professor Şahlar Əsgərov bildirib ki, milli dövlətçiliyin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Bu gün Azərbaycan xalqının, eləcə də Türk dünyasının milli sərvəti olan Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği ən vacib məsələlərdən biridir.

 

"Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq" deyən millət vəkili Fəzail Ağamalı bildirib ki, ulu öndərin keçdiyi yol Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaq.

 

Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xatırladan professor Məhərrəm Qasımlı vurğulayıb ki, ümummilli liderin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub.

 

Daha sonra çıxış edən əməkdar elm xadimi, professor Abuzər Xələfov qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcluyuq.

 

Digər çıxış edənlər də Heydər Əliyevin zəngin irsi, onun xalqımız qarşısında gördüyü əvəzsiz xidmətləri barədə gənclərə məlumat veriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv