Tovuzda öldürülən fermerin qonşuları: “Müşfiqi nə arvadı, nə də qardaşı öldürə bilməzdi” - ARAŞDIRMA

"Zəhmətkeş idilər, mal-heyvana yaxşı baxıblar, bişirib-düşürüblər. On uşaq olublar. Hamısı bu evə yığılıb. Müşfiq özü hamısına hörmət edib. Bu ailənin heç kimlə işi olmayıb. O əsgərlikdən gələn oğlanın da heç kəslə işi olmayıb. Özümüz şokdayıq. Birdən-birə bunlara nə olub".

 

Söhbət aprelin 25-də qətlə yetirilən Tovuz rayonunun Əlimərdanlı kənd sakini Müşfiq Hüseynovun ailəsindən gedir. 43 yaşlı Müşfiq Hüseynovun cəsədi öz avtomobilinin  yük yerində, kənd qəbiristanlığının yanında tapılmışdı. O, baş nahiyəsindən güllələnərək qətlə yetirilib. Qətldə təqsirli bilinən mərhumun həyat yoldaşı Ruziyə Hüseynova və qardaşı Akif Hüseynov polislər tərəfindən saxlanılıb. Onların qətli müştərək formada törətdikləri bildirilir.

 

Qətlə yetirilən Müşfiq öz ailəsi ilə, yəni iki övladı və həyat yoldaşı ilə burda, atasının evində yaşayırmış. Qonşuların verdiyi məlumata görə, Müşfiqin kiçik övladı bibisigilə, yəni Müşfiqin bacısıgilə, qızı isə nənəsi - anasının anasıgilə gedib, orda qalırlar.

 

İlkin məlumata görə, Müşfiqi qətlə yetirməkdə şübhəli bilinən Asif və Ruziyə hələ məktəb illərindən bir-birini seviblər. Lakin Müşfiq Asifin sevgilisi Ruziyəni qaçıraraq onunla ailə həyatı qurub. Onlar 16 il bir yerdə yaşayıblar. Balaca qardaş Asif isə bu vaxta qədər ailə həyatı qurmayıb. Sabiq sevgililər Müşfiqdən gizli formada münasibətlərini davam etdirib. Müşfiq öz ailəsi və qardaşı Asiflə birgə ata evlərində yaşayıb. Son üç ayda Müşfiq Hüseynov Rusiyada olub və qətlə yetirilməmişdən iki həftə əvvəl evinə qayıdıb.

 

Qonşular Müşfiqin ailəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu, ailədə hər hansı söz-söhbətin, münaqişənin olmadığını bildirir: "Bunlar çoban ailəsi olub. Atası da Çoban Cəfər olub. Anası da abırlı, ismətli qadın olub. Dağ qızı idi. Özünə Aşıq Xanların evini almışdı. Ata yurdunda qalırdı. Burda oğluna toy etdi. 15 gün idi Moskvadan qayıtmışdı. Niyə belə olduğunu anlaya bilmirəm".

 

Müşfiqin həyat yoldaşı Ruziyə Hüseynova da ailədə və qonşular arasında hörmət sahibi olub: "Onun qayınatası da, biz də başına and içirdik. Gənc olsa da, zəhmətkeş idi. Gəlinlərin şahı idi. Qoçaqlığı, isməti. O qız başıaşağı gedib, başıaşağı gəlib. Yoldaşı ilə birgə gediblər fermaya, birgə gəliblər. Çobana yemək aparıblar. Məclisə də bir yerdə gediblər".

 

Qonşular deyilənlərin əksinə olaraq, Müşfiqlə Ruziyənin sevərək evləndiklərini deyir: "Müşfiqlə qız biri-birini sevmişdilər. Qızın ailəsi vermirdi. Qız zorla gəldi bu oğlana, qoşuldu qaçdı. Deyilən söhbətlərin hamısı yalandır. Biz eşitməmişik. And olsun Allaha! Bizim qulağımız bir kəlmə eşitməyib. Yıxılana hamı balta vurur. Mən onların yerinə and içərəm, məscidə girərəm ki, elə şey olmayıb".

 

Müşfiqin atası fermada qalırmış. Müşfiq isə uşaqları məktəbə rahat getsin deyə kənddəki evlərində ailəsi ilə yaşayıb.

 

Kənd sakinlərinin dediklərindən:

 

- Yaxşı ailə idi. Qaynımın oğludur o mənim. Çox yaxşı idilər. Heç qızdan da elə şey gözləməzdik. Bilmirəm yalandır, doğrudur. İnana bilmirik.

 

- Yaxşı baxırdı. O dəb qalmırdı ona geyindirməyə. İstədiyi paltarı alıb, istədiyini verib. Hər toya geyinib gedirdi.

 

- Kiçik oğlanı çox istəyirdik. Yaşı az olsa da, ağsaqqalıq edirdi. Hamıya kömək edirdi. Mən yalan demirəm. 32 ildir bu ailəyə gəlin gəlmişəm. Müşfiq də, Asif də uşaq idilər mən gələndə.

 

Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qətlin hansı səbəbdən baş verməsi hələ ki, açıqlanmır.

 

Qeyd edək ki, mərhumun bir oğlu və bir qızı var. Qızının 13, oğlunun isə 10 yaşı var.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli