Bakı küçələrində yarışan “avtoş”ların maşını qəzaya uğradı, yaralılar var

Bakının Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Prospektlə "Koroğlu" metrosu istiqamətində sürətlə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil əvvəlcə "Range Rover" markalı maşına, daha sonra yol kənarındakı beton arakəsməyə çırpılıb.

 

Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü və avtomobildəki sərnişin xəsarət alıblar. Sürücü yaralı vəziyyətdə hadisə yerini tərk edib, ağır xəsarətlər alan sərnişin isə deformasiyaya uğramış avtomobildə qalıb. O, hadisə şahidlərinin yardımı ilə maşından çıxarılıb və təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, xəsarət alan sərnişinin 21 yaşı var, adı Ağakişidir. Onun soyadı dəqiqləşdirilir. Yaralının vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin məlumata görə, qəzaya uğrayan “VAZ-2106” və eyni markalı digər avtomobil yarışırmış. Avtomobillərdən biri qəzaya uğrayıb, digəri isə hadisə yerini tərk edib. Hadisə yerindən qaçan sürücünün və digər avtomobilin axtarışlarına başlanılıb.

 

Qəzadan sonra Heydər Əliyev prospektində tıxac yaranıb.

 

Qəzaya uğrayan avtomobillər evakuator vasitəsilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.

Müəllif | Apa.Tv
Apa.tv