“Tour d’Azerbaidjan-2015”ın üçüncü mərhələsinin qalibi Coşua Edmonson olub

“Tour d’Azerbaidjan-2015” beynəlxalq velosiped turunun 3-cü mərhələsi başa çatıb. APA TV-nin məlumatına görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutub.

 

25 komanda mübarizənin 3-cü günündə saat 09:30-da Qəbələdən start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. Velosipedçilər bu dəfə 177,2 km məsafəni qət ediblər.

 

Finiş xəttinə Coşua Edmonson (“An Post-Çainreaksion”, İrlandiya) 1-ci çatıb. Marko Kump (“Adria-Mobil”, Sloveniya) 2-ci, onun həmvətəni Matey Muqerli isə 3-cü olub.

 

Yarışın dağ mərhələsinin ən yaxşısı adını Azərbaycan və “Sinergy Baku”nun velosipedçisi Aleksandr Surutkoviç qazanıb. O, bununla da qırmızı köynəyə sahib çıxıb.

 

Ötən mərhələnin qalibi, sloveniyalı Primoş Roqliç ümumi hesabda liderliyini qoruyub, göy köynəyi özündə saxlayıb. Marko Kump yaşıl köynəyə yiyələnib. Çexiyalı Frantişek Sisrdə olan bənövşəyi köynəyin sahibi isə dəyişməz qalıb.

 

Qeyd edək ki, 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllı, Ağdaş və Yevlaxı keçməklə Mingəçevirə yürüş olacaq. Velosipedçilər 205 km məsafə qət edəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv