Heydər Əliyev prospekti təmirdən sonra istifadəyə açılıb

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospekti yan yolda, Hidrometereoloji proqnozlar bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissədə həyata keçirilən kompleks tədbirlər yekunlaşıb və yol ötən gecə nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. APA-nın məlumatına görə, yolun təmir olunmuş hissəsində asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni  yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib. Yolda nişanlanma xətləri çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Beləliklə, Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

 

Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də aparılan yenidənqurma işləri sona çatmaqdadır. Artıq keçidin üzlüyü tam olaraq yenilənib, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

 

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir. 

Müəllif | Apa.Tv
Apa.tv