Abdullah Gül İrəvan səfəri ilə bağlı Ərdoğanın ittihamını cavabandırdı

Türkiyənin 11-ci prezidenti Abdullah Gül hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın onun İrəvana səfəri ilə bağlı bəyanatına münasibət bildirib. APA TV-nin məlumatına görə, eks-prezident cümə namazından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

O, İrəvana  2008-ci ildə etdiyi səfərin Rəcəb Tayyib Ərdoğan tərəfindən tənqid olunması ilə bağlı suala “Hər halda səhv anlaşılma olub”, – deyə cavab verib.

 

Qeyd edək ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Dünya müharibəsi və Çanaqqala savaşının 100 illiyi münasibətilə tarixçilərlə bir araya gəlib. Akademiklər və tarixçilərin iştirakı ilə süfrə arxasında aparılan müzakirələrdən sonra tarixçi yazar Mustafa Ərməğan jurnalistlərə maraqlı açıqlama verib. O, deyib ki, Rəcəb Tayyib Ərdoğan sələfi Abdullah Gülün İrəvana səfərini tənqid edib. Tarixçi yazarın sözlərinə görə, Ərdoğan bəyan edib ki, Abdullah Gülün səfəri Ermənistanın əlinə bəhanə verib və ermənilər bundan sonra Türkiyənin üzərinə daha sərt şəkildə gəlməyə başlayıblar.

 

Xatırladaq ki, Abdullah Gül 2008-ci il sentyabrın 6-da Türkiyə və Ermənistan futbol millilərinin oyununu izləmək üçün İrəvana səfər etmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv