Qırğızıstan da Avrasiya İqtisadi Birliyində!

Rusiya, Belarus və Qazaxıstan tərəfindən yaradılan Avrasiya İqtisadi Birliyinə daha bir ölkə üzv olub. APA TV-nin məlumatına görə, Avrasiya İqtisadi Birliyi İqtisadi Şurasının Kremldə keçirilən iclasında Qırğızıstanın təşkilat üzvlüyünə qəbulu ilə bağlı ilkin qərar qəbul edilib.

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıdakı çıxışında bildirib ki, Ermənistanın ardınca Qırğızıstan da Avrasiya İqtisadi Birliyinə qoşulmaq arzusunu ifadə edib.

 

Nursultan Nazarbayev onu da deyib ki, İran, Azərbaycan, Hindistan və Monqolustan da Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq imkanlarına baxırlar. Türkiyə isə Avrasiya İqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunda olduğunu bildirib.

 

"İndiki mərhələdə bizim potensial tərəfdaşımız Türkiyə ola bilər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir müddət əvvəl bizim ölkədə səfərdə olarkən Avrasiya İqtisadi Birliyi ilə ticarət müqaviləsi bağlamaq arzusunu dilə gətirdi. Bunu öyrənmək lazımdır".

 

Qırğızıstan prezidenti Almazbek Atambayev isə bildirib ki, Qırğızıstan Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirib: "Bütün Qırğızıstan xalqı birliyə üzv olmağımız barədə xəbəri gözləyir".

 

Müəllif | Apa.Tv
Apa.tv