FHN-də Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyində faşizm üzərində Qələbə günü münasibətilə Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə tədbir keçirilib. APA TV-nin məlumatına görə, Böyük Vətən müharibəsi veteranları nazirliyin hərbi orkestrinin ifa etdiyi təntənəli marşın sədaları altında qarşılanıb, onlara gül dəstələri təqdim olunub. Tədbirdə, Azərbaycanın dövlət himni səslənib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə tədbiri açaraq nazirliyin rəhbərliyi və kollektivi adından toplantı iştirakçılarını 9 may – Qələbə günü münasibətilə təbrik edib. Tədbirdə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Böyük Vətən müharibəsində xalqımızın şücaəti haqqında geniş çıxış edib, qələbənin qazanılmasında Azərbaycanın əvəzsiz rolundan bəhs ediblər.

 

Respublika Veteranlar Şurası adından çıxış edən Böyük Vətən müharibəsi veteranı Adil Babaşov və Sofiya Cəfərova müharibədə azərbaycanlıların qəhrəmanlığından danışıb, Heydər Əliyev və prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışaraq Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

 

Sonda müharibə veteranlarına qiymətli hədiyyələr təqdim edilib. 

Müəllif | Apa.Tv
Apa.tv