Moskvada Qələbənin 70 illiyinə həsr olunmuş hərbi parad keçirilib

Qırmızı Meydanda Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi parad keçirilib. APA TV-nin məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu paradda iştirak edən hərbi birləşmələrin şəxsi heyətini salamladıqdan sonra prezident Vladimir Putinə raport verib. Raportu qəbul edən Rusiya prezidenti parad iştirakçıları qarşısında çıxış edib. Alman faşizminin məhv edilməsində xidməti olan hər kəsə təşəkkür edən Putin II dünya müharibəsinin bəşəriyyət üçün dərs olduğunu deyib. Rusiya prezidentinin çıxışından sonra parada qatılan hərbi birləşmələr tribunanın önündən keçiblər. Paradda Azərbaycan Müdafiə Nazirliyinin xüsusi hərbi birləşməsi də iştirak edib. Paradda Rusiyanın hərbi arsenalında olan hərbi texnika nümayiş olunub. Tədbir aviasiyanın Qızıl Meydan üzərində uçuşu ilə başa çatıb. Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda rekord sayda aviasiya iştirak edib. Qızıl Meydan üzərindən 143 təyyarə və vertolyot uçub ki, bu da ötən il keçirilən hərbi paraddakı aviasiyanın sayından iki dəfə çoxdur.

 

Paradı Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da tribunadan izləyib. Paradı izləyənlər arasında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan, Serbiya, Çin və Ermənistanın rəsmi şəxsləri də olublar. 

Müəllif | Apa.Tv
Apa.tv