Səbail rayonunda Gül bayramı keçirilib

Səbail rayonunda  ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilib. APA TV-nin məlumatına görə, bununla bağlı Sahil bağında fəvvarələrin ətrafı güllərlə bəzədilib, parkın skamyalarına güllərdən hazırlanmış 20-dən çox müxtəlif mövzularda kompozisiyalar düzülüb. Tədbirdə rayon ərazisində yerləşən ali, orta və orta ixtisas məktəblərinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri tərəfindən hazırlanmış, müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan rəngarəng tablolar, applikasiyalar, gül kompozisiyaları nümayiş etdirilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin Komitə sədri, akademik Ziyad Səmədzadə və digər qonaqlar «Sahil bağı»nı  gəzərək maraqlı gül ekspozisiyaları ilə tanış olublar. Sonra Bakı şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilib.

 

İştirakçılar tərəfindən ümummilli lider Heydər Əliyev və xanımı Zərifə Əliyevanın güllərlə portreti hazırlanıb. Bunun üçün isə 24 min yerli və xarici güldən istifadə edilib.

 

Parkda Qız qalasının,  «Alov Qüllələri» Kompleksinin, «Səbail» gəmisinin,  Bakıda keçiriləcək   ilk Avropa Oyunlarının güllərdən hazırlanmış simvolları nümayiş olunub. Kompozisiyaların hazırlanması üçün 800 min müxtəlif güldən istifadə edilib. Daha sonra tədbir populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova