Bakıda gül bayramı keçirildi

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə paytaxtın Heydər Əliyev Sarayının qarşısındakı eyni adlı parkda ənənəvi gül bayramı keçirilib.

 

APA TV-nin xəbərinə görə, gül bayramına 80 ölkədən 2 milyondan çox gül gətirilib. Güllər müvafiq olaraq həmin ölkələrin gül mütəxəssisləri tərəfindən dizayn edilib. Əsasən Hollandiyadan və Afrika ölkələrindən gətirilən güllər parkın müxtəlif yerlərində quraşdırılan fiqurların üzərini bəzəyir. Güllər içərisində "Lavanda" sortundan olan güllər və yerli qızılgüllər xüsusi yer tutur. Eyni zamanda ziyarətçilər kiçik həcmli "Eldar şamı" və bizim "Xarı-bülbül"ə bənzəyən gülləri də böyük maraqla seyr edirlər. Burada 8 rəngə boyanmış güllər asma tavan altında nümayiş olunur.

 

Bu il keçirilən bayramda özəl bölüm də yaradılıb. Bu bölümdə “Bakı 2015” I Avropa Oyunlarının bütün idman növləri üzrə stendləri yerləşdirilib. Daha çox diqqət çəkən isə Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Olimpiya stadionunun güllərlə bəzədilmiş möhtəşəm maketidir.

 

Gül bayramı uzun müddət balaca ziyarətçilərin yaddaşından çıxmayacaq. Çünki onlar özlərinin sevimli nağıl və cizgi filmi qəhrəmanlarının güllərdən bəzədilmiş maketlərini görmək imkanı əldə ediblər.

 

Gül bayramında iştirak edənlər arasında ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələri də var. Onların bir çoxu bura ailə üzvləri ilə bərabər gəliblər. Türkiyənin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun APA TV-yə bildirib ki, gül bayramına iki qızı və həyat yoldaşı ilə gəlib. "Onlar elə güllər kimi geyiniblər. Bu gün həm də Türkiyədə Analar Günüdür. Səhər uşaqlar analarına hədiyyə ediblər və sevinclə bura gəliblər".

 

Ənənəvi olaraq Gül bayramı üç gün davam edir. Bu il isə “Bakı 2015” I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistləri nəzərə alaraq bu müddət uzadıla bilər. Bununla bağlı qərar hava şəraitindən asılı olaraq veriləcək. Havanın həddindən artıq isti və yaxud soyuq keçməsi ölkəyə xaricdən gətirilən güllərin tez tələf olmasına səbəb ola bilər. Əgər normal hava şəraiti olarsa, gül bayramı daha bir neçə gün davam edəcək.

 

Bu gün Heydər Əliyev parkı səhər saat 9:00-dan 20:00-dək sakinlərin üzünə açıq olacaq. Daha sonra gül bayramı saat 21:00-da Dənizkənarı Milli Parkda keçiriləcək bayram konserti və atəşfəşanlıqla davam edəcək.

 

Müəllif | Apa.Tv