FHN-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edildi
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə toplantı keçirilib. APA TV-nin məlumatına görə, toplantıdan öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Daha sonra FHN Akademiyasının akt zalında keçirilən toplantıda çıxış edən fövqəladə hallar naziri Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə respublikamızın tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib, vətəndaş müharibəsi həddinə çatmış Azərbaycanda dövlətçiliyi qoruyaraq həyata keçirdiyi xilaskarlıq missiyasından danışıb: "1988-ci ildən başlayaraq Mixail Qorbaçovun dəstəyi ilə erməni daşnaklarının, separatçıların ölkəmizə qarşı təzyiqləri başlamışdı. Məqsəd Azərbaycan torpaqlarını ələ keçirmək idi. Sanki bilirdilər ki, SSRİ dağılacaq, ona görə də torpaqlarını qanunsuz olaraq daha da genişləndirmək istəyirdilər. Heydər Əliyev kimi şəxsiyyətin SSRİ rəhbərliyindən getməsi onlara çirkin əməllərini həyata keçirməyə imkan verdi. Bakıda o vaxtkı rəhbərlik Heydər Əliyevin Azərbaycana gəlişini qısqanclıqla qarşıladı. Amma Heydər Əliyev hara gedirdisə, sadə insanlar onu məhəbbətlə qarşılayır, ondan Azərbaycanın xilasını xahiş edirdilər. Sadə xalq Naxçıvana üz tutub, həm Heydər Əliyevi ziyarət edir, həm də onu ümid yeri kimi görürdülər. Düşünürdülər ki, Azərbaycanı, o cümlədən hər tərəfdən blokadaya alınmış Naxçıvanı gərgin vəziyyətdən yalnız o çıxara bilər. Çünki o zaman rayonlar bir-birinin ardınca işğal olunurdu. Lakin o vaxtkı müdafiə naziri və daxili işlər naziri ailələri ilə birlikdə konsertə gedir və çıxıb xalqa hər şeyin yaxşı olduğunu söyləyirdilər. Hərə özü üçün bir silahlı qurum yaratmışdı. Bu qurumların məqsədi orduya kömək etmək yox, şəxsi mənafeləri müdafiə etmək idi. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda dalğalandı. Bu da Heydər Əliyevin adı ilə bağlı idi. Bunun simvolik mənası ilə yanaşı, həm də dərin kökləri var. Yaradana, təbiət qanunlarına, tarixə inanırıqsa, bu, belə də olmalı idi”.
Nazir bildirib ki, bu gün Heydər Əliyevin möhkəm bünövrəsini qoyduğu dövlətçiliyimiz ümummilli liderin müdrik siyasətinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib. Bir aydan sonra ölkəmizin mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirən Kəmaləddin Heydərov ölkəmizin regional lider imicinin və dünya birliyindəki yerinin möhkəmlənməsində I Avropa Oyunlarının müstəsna rol oynayacağını deyib: “Birinci Avropa Oyunları təkcə idman tədbiri deyil, Avropa ölkələrinin, dünyanın Azərbaycana inamı, etibarıdır. Bunu bizim prezidentimiz dəfələrlə sübut edib. Sübut edib ki, Azərbaycan Avropaya inteqrasiya edən, demokratiya xətti ilə gedən ölkədir. Azərbaycan Heydər Əliyevin qoyduğu xətlə iri, müstəqil və möhkəm addımlarla irəliləyəcək”.
Tədbirdə çıxış edən millət vəkili Siyavuş Novruzov Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs edib. Millət vəkili bildirib ki, son günlər bəzi qüvvələr, QHT-lər Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, lakin onlar heç nəyə nail olmayacaqlar.