Kremldə mühüm görüş: Putinlə Merkel üz-üzə...
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Almaniyanın federal kansleri Angela Merkel arasında görüş keçirilib.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiya paytaxtında olan Angela Merkel Vladimir Putinlə öncə Aleksandr bağında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub. Daha sonra isə Kremldə iki ölkə lideri arasında görüş başlayıb.
Vladimir Putin görüşdə Rusiya ilə Qərb arasında mövcud olan problemlərin Moskva-Berlin münasibətlərinə mənfi təsir etdiyini söyləyib: "Biz Rusiya ilə Almaniya arasında münasibətlərin uğurla inkişaf etdirilməsi üçün çox şey etmişik və bu istiqamətdə çox şeyə nail olmuşuq. Bu gün məşhur problemlər mövcuddur. Bu problemlərin bizim münasibətlərə mənfi təsiri nə qədər tez bitsə, bir o qədər yaxşı olar. Biz bunun üçün səy göstərəcəyik".
Rusiya prezidenti qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər, ümumilikdə Avropa Birliyi ilə münasibətlərin inkişafı və Ukraynadakı vəziyyət haqqında danışıqlar aparılıb. Ukraynadakı vəziyyətdən danışan Rusiya lideri bütün çətinliklərə baxmayaraq, Minsk prosesinin davam etdiyini və Ukraynada sakitliyin hökm sürüdüyünü qeyd edib.
Merkel isə görüşdə Almaniyanın Rusiya ilə işləməyə hazır olduğunu bəyan edib: "Ən çətin vəziyyətlərdən həll yolunu tapmaq üçün Rusiya ilə işləməyə hazırıq. Biz öz təcrübəmizdən dərs çıxarmışıq. Çətin vəziyyətlərdə bizə işləmək, əməkdaşlıq etmək olduqca vacibdir. Həmin çətin vəziyyət hazırda mövcuddur. Yaxşı ki, bu gün ikitərəfli münasibətləri, Rusiya-Avropa İttifaqı münasibətlərini və əlbəttə ki, Ukraynadakı vəziyyəti, bu ölkənin ərazi bütövlüyün müzakirə etməyə imkan var".