Balkanlar qarışdı: Makedoniyada baş verən toqquşmalarda 22 nəfər öldü
Makedoniyanın şimalında albanların kompakt yaşadığı Kumanova şəhərində polislə əhali arasında silahlı insident yaşanıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, insident nəticəsində 8 polis həyatını itirib, 37-si müxtəlif xəsarətlər alıb.
Əhali arasında da insan tələfatı var. Toqquşmalarda 14 sakin asayiş keşikçiləri tərəfindən öldürülüb. Öldürülənlər Makedoniya, Albaniya və Kosovo vətəndaşlarıdır. Şəhər sakinləri baş verənlərdən təşviş içindədirlər: "Bu hadisə nə xalqın, nə şəhərin, nə də ölkənin xeyrinə deyil. Hökumətin baş verənlərdə marağının olub-olmadığını isə deyə bilmərəm. Bütün baş verənlərin səbəbi əlbəttə ki, gec-tez ortaya çıxacaq".
Makedoniya Daxili İşlər Nazirliyi yaşananların qonşu ölkələrin maraqlarında olduğunu bildirir. Polis sərt tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib. Həyatını itirən polislərə görə ölkədə iki günlük matəm elan edilib. Bu arada əhalinin şəhərdən təxliyəsinə başlanıb. Kosovo isə bu hadisələrdə hədəfin şəhərin alban nüfuzu olduğunu iddia edir. Kosovo hökuməti rəsmi Skopyeyə etiraz məktubu göndərib.