ABŞ vətəndaşlığından çıxmaq istəyən amerikalıların sayı rekord həddə çatıb
Xaricdə yaşayan və ABŞ vətəndaşlığından çıxmaq istəyən amerikalıların sayı rekord həddə çatıb.
APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, buna səbəb ölkədəki sərt vergi qanunlarıdır.
2015-ci ilin ilk beş ayı ərzində xarici ölkələrdə yaşayan 1300 min amerikalı öz ölkəsinin vətəndaşlığından imtina edib. Bu rəqəm 2014-cü il boyu 3415 nəfər təşkil edib. Hazırkı rəqəmlər keçən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur. Əsas səbəb ABŞ-ın xaricdə yaşayan vətəndaşlarını ölkədə tətbiq olunan vergiləri ödəməyə məcbur etməsidir.
Bundan əlavə, xaricdə yaşayan ABŞ vətəndaşları gəlirləri barədə də mütəmadi məlumat verməlidirlər. Prezident Administrasiyası tərəfindən tətbiq olunan "Vergidən yayınma ilə mübarizə aparmaq üçün beynəlxalq standart" adlı yeni qanun layihəsi artıq ABŞ-ın hüdudlarından kənarda yaşayan vətəndaşlar tərəfindən kəskin tənqid olunur.
Qeyd edək ki, ABŞ vergi ödəməyən vətəndaşlara sərt cəzalar tətbiq edən ölkələr sırasında ilk yerlərdən birini tutur.