Cəlilabadda içərisində heyvan skeleti olan qədim küp qəbir tapılıb
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən çayın sahilində torpağın 3 metr dərinliyindən uzunluğu 2 metrə çatan küp tapılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, son vaxtlar çayda sululuğun artması ilə üzə çıxan tapıntı ərazidə balıq tutan uşaqlar tərəfindən aşkarlanıb. Hər iki tərəfdən ölçüləri paralel olan və daha çox silindr fiqurunu xatırladan küpün içərisindən isə naməlum heyvanın çənə və iri dişlərinin qalıqları çıxıb.
Tarixdə küp qəbirlər mədəniyyəti insanlara aid dəfn ritualı hesab olunub. Amma ilk dəfə olaraq Cəlilabadda küpün içindən naməlum heyvan sümüklərinin tapılması mütəxəssisləri düşünməyə vadar edib. Artıq ərazi nəzarətə götürülüb. Tapılmış küp və sümüyün qalıqları araşdırılması üçün Bakıya göndərilib. Mütəxəssislərin qənaətincə, mövcud tapıntının araşdırılması qədim dövrlə bağlı son dərəcə maraqlı faktları üzə çıxara bilər.