Mehriban Əliyeva məcburi köçkünlər üçün inşa edilmiş binanın və körpələr evinin açılışında iştirak edib
Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub.
APA TV-nin xəbərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Yeni binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. Bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb.
Mehriban Əliyeva Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, binada ümumilikdə 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Daha sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evinin açılışında iştirak ediblər.
Qeyd edək ki, 1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə təmir işləri aparılıb.
Mehriban Əliyeva körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış olub, müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlanıb. Körpələr evində ərzaq təminatı məsələsinə də toxunan Mehriban Əliyeva uşaqların vaxtında və sağlam qidalanmalarının vacibliyini vurğulayıb.
Körpələr evində yaradılmış şəraitdən məmnun qalan Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə ediblər.