Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Mərasimdə çıxış edən prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin tarixi şəxsiyyət və müstəqil Azərbaycanın qurucusu olduğunu tarixi faktlar əsasında diqqətə çatdırıb. Dövlət başçısı Ümummilli Liderin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.
Müstəqilliyə gedən yolda qarşılaşdığımız çətinliklərdən danışan prezident İlham Əliyev bildirib ki, bu çətin məqamlarda xalqımızın Ulu Öndərə müraciət etdi. Onun ölkəyə qayıdışı ilə sabitlik təmin olundu, dövlətçiliyin, həmçinin iqtisadi inkişafın əsasları qoyuldu: "Bu gün Azərbaycan inkişafdadır, müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Dövlətimiz çoxəsrlik Azərbaycan tarixində indiki qədər heç vaxt güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti möhkəm dayaqlar üzərində qurulub. Milli-mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli-mənəvi dəyərlərimizə sadiq qalmışıq və onları hər şeydən üstün tuturuq. Bu möhkəm təməl, bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbdır. Biz bu ideologiyanı inkişaf etdiririk. Azərbaycançılıq ideologiyası bu gün bir nümunə kimi mövcuddur".
"Azərbaycan bu gün dünya miqyasında nüfuzunu artırır. Çünki hər bir məsələ ilə bağlı öz prinsipial mövqeyini ortaya qoyur" deyən dövlət başçısı bildirib ki, xalqla iqtidar arasındakı birlik tərəqqini, sabitliyi şərtləndirən başlıca amildir. "Xalqa xidmət etmək lazımdır - Ulu öndər kimi. O, bütün həyatı boyu bunu edib. Biz də çalışırıq bunu edək. Onun yolu ilə gedirik" - deyən prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, ölkəmizin təsir imkanları, maraqlarımızı təmin etməyə şərait yaradır. Azərbaycanın bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcəyini deyən dövlət başçısı 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini söyləyib və bunun ölkəmizin nüfuzunun unikal göstəricisi olduğunu deyib: "Mən əminəm ki, Azərbaycan xalqı bundan sonra Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək. Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirəcək. Bizim yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Bu yolda bütün Azərbaycan xalqına qələbələr arzulayıram".
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub. Mükafat Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xalq rəssamı Tahir Salahova təqdim edilib.
Sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirildi.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl Çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa və qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə “Qızıl çinar” beynəlxalq mükafatlarını təqdim edib.