Avropa Oyunlarının “Alovqoruyanları” Bakıda yürüş etdi

Bakıda I Avropa Oyunları “Alovqoruyanları”nın yürüşü keçirilib. 300-dən çox könüllünün qatıldığı yürüş Dəniz Vağzalının ətrafından start götürüb.

 

APA TV-nin məlumatına görə, yürüş Yeni Bulvardaki karuselin yanında başa çatıb. Finiş xəttinə ilk çatan iştirakçılar kubok və I Avropa Oyunlarının açılış mərasiminə biletlər, qiymətli hədiyyələr qazanıblar.

 

“Bakı-2015” Əməliyyat Komitəsinin Könüllülərlə İş Departamentinin mütəxəssisi Vüsal Bəkirov könüllülərin hazırlığının başa çatdığını bildirib: "Artıq bir ildən çoxdur ki, könüllülərlə tədbir təşkil edirik. Bu sonuncusu idi. İstədik onlar I Avropa Oyunlarına qoşulsunlar, yarış məkanlarını hiss edə bilsinlər".

 

Vüsal Bəkirov bildirib ki, artıq minlərlə könüllü Bakı 2015 üçün tam hazırdır: "I Avropa Oyunlarına sayılı günlər qalıb. Bizim könüllülər müxtəlif təlimlərdə iştirak ediblər. Onlar hər bir formada hazırdırlar. Avropada tarix yazmağa Azərbaycan tam hazırdır".

 

Daha sonra könüllülər arasında müxtəlif viktorinalar keçirilib və tədbir musiqi sədaları ilə davam edib.

Müəllif | Apa.Tv