Prezident İlham Əliyev: "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb"
"Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb". APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdəki çıxışında bəyan edib.
Dövlət başçısının sözlərinə görə, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir. Prezident bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti dövlətin bütün təşəbbüslərini dəstəkləyir, ölkənin xarici və daxili siyasəti ilə bağlı bu dəstək tam görünür. Lakin Azərbaycanın uğurunu istəməyən, inkişafına paxıllıqla yanaşan dairələr də var: "Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər".
Prezident bəyan edib ki, Azərbaycana qarşı kampaniyalar heç vaxt dayanmayıb. Sadəcə olaraq, bu, önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir: "Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır".
Prezident vurğulayıb ki, Azərbaycanın hər bir məsələ ilə bağlı müstəqil siyasət kursu var və onun siyasətinə təsir etmək mümkün deyil: "Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır. Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir".
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir.