Masazırda "VAZ-2107" "Mercedes"ə çırpıldı
Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Masazır dairəsində qeydə alınıb.
İlkin məlumata görə, Abışov Rövşən Misirxan oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını Masazır qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olub. Ancaq Masazır qəsəbəsi ilə Xırdalan şəhərini birləşdirən dairədə qəfildən onun yoluna Hacıyev Elvin Tarverdi oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil çıxıb. "VAZ-2107"-nin idarəetməni itirən sürücüsü maşını "Mercedes"ə çırpıb.
Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü Elvin Hacıyev başından xəsarət alıb.
Hadisənin təfərrüatları Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırılır. İlkin ehtimala görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü "Yol ver!" nişanının tələbini pozub və dairəvi hərəkətdə olan digər nəqliyyat vasitəsinin yoluna çıxıb.