Kənan Evrən bu gün dəfn ediləcək
Türkiyənin 7-ci prezidenti Kənan Evrən bu gün dəfn ediləcək. APA TV-mim məlumatına görə, o, dövlət mərasimi ilə Ankara Dövlət Məzarlığında torpağa tapşırılacaq.
Bu gün səhər saatlarında Kənan Evrənin nəşi Gülhanə Hərbi Tibb Akademiyasından götürüləcək və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında vida mərasimi keçiriləcək.
Daha sonra cənazə Ankaradakı Əhməd Hamdi Akseki məscidinə aparılacaq. Cənazə namazından sonra Türkiyənin sabiq prezidenti dövlət məzarlığında torpağa tapşırılacaq.
Türkiyə rəsmilərindən kimlərin dəfn mərasimdə iştirak edəcəyi isə hələ dəqiqləşməyib. Baş nazirin müavini Bülənd Arınç jurnalistlərə bildirib ki, bu barədə qərarı baş nazir verəcək. Bülənd Arınç dünyasını dəyişən sabiq prezident Kənan Evrəni sevənlərin də, sevməyənlərin də olduğunu bildirib, özünün isə onun hakimiyyəti illərində təzyiqlərə məruz qaldığını xatırladıb.
Xatırladaq ki, ömürlük həbs cəzasına məhkum olunmuş Türkiyənin 7-ci prezidenti, 1980-ci il hərbi çevrilişinin təşkilatçısı Kənan Evrən 98 yaşında vəfat edib.
Hərbi çevrilişdən sonra prezident olmuş (1982-1989) general Kənan Evrən onun hakimiyyəti dövründə Konstitusiyaya edilmiş dəyişikliyə əsasən 2010-cu ilədək toxunulmazlıq statusuna malik olub. Bundan əvvəl Kənan Evrən mühakimə olunacağı təqdirdə intihar edəcəyini bildirmişdi.
Kənan Evrən 2014-cü ilin martında dövlətə qarşı cinayətlər törətməkdə təqsirli bilinərək hərbi rütbələrindən məhrum edilib. Evrən və tərəfdaşları Konstitusiyaya dəyişiklik etməkdə, qanuni hakimiyyəti devirmək məqsədilə çevriliş təşkil etməkdə, parlamentin buraxılmasında və 1980-83-cü illərdə hərbi rejim dövründə geniş şəkildə işgəncələr tətbiq etməkdə ittiham olunublar.