Zabratda arvadını öldürən şəxs barədə 3 aylıq həbs-qətimkan tədbiri!

Zabrat qəsəbəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən Vüsal Musayev haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Sabunçu Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Vüsal Musayev istintaq müddəti bitənə kimi Kürdəxanı istintaq təcridxanasında qalacaq. Artıq Vüsal Musayev dünən təcridxanaya etap olunub.

 

Qeyd edək ki, adı çəkilən şəxs aprelin 27-də  qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Zakirə Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Öldürülən qadının bədənində 6 bıçaq yarası aşkarlanıb. Yaralardan 4-ü ürək nahiyəsi ətrafında müəyyən edilib. Zabratda kirayənişin yaşayan Vüsal Musayev istintaqa verdiyi ilkin ifadəsində həyat yoldaşı tərəfindən təhqir olunduğunu və buna görə onu qətlə yetirdiyini bildirib. Əslən Şərurdan olan mərhum Zakirə Məmmədova Nərimanov rayonu ərazisində fəaliyyət göstərən marketlərin birində kassir işləyib. Birgə nikahdan onların 5 yaşlı qız  övladları qalıb.

 

Müəllif | Apa.Tv