Balkanlarda gərginlik: Serbiya Makedoniya hadisələrinə reaksiya verdi

Makedoniyanın şimalında baş verən iğtişaşlara Kosovdan sonra Serbiyadan da reaksiya gəlib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Serbiyanın baş naziri Aleksandr Vuçiç ölkəsinin bununla bağlı narahatlığını dilə gətirib.

 

"Biz vəziyyətin stabilləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Qonşu Makedoniyada baş verən hadisələrin Balkanların digər ölkələrinə də yayılmasından çox narahatıq" - deyə Vuçiç bildirib.

 

Bu arada Makedoniyanın paytaxtı Skopyedə sakinlər qarşıdurmalar nəticəsində həyatını itirən polislərin dəfn mərasimində iştirak ediblər: "Bizim bura gəlməyimizdə məqsədimiz albanlara və Makedoniyada yaşayan digər azsaylı xalqlara qarşı ayrı-seçkilik fikrindən uzaq olduğumuzu nümayiş etdirməkdir. Biz sülh və demokratiya tərəfdarıyıq, bu haqqı hamımız bir yerdə qazanmışıq".

 

Xatırladaq ki, iki gün öncə Makedoniyanın albanların kompakt şəkildə yaşadığı Kumanovo şəhərində yerli sakinlərlə polis arasında yaşanan silahlı insidentdə 8-i polis olmaqla 22 nəfər həyatını itirib.

Müəllif | Apa.Tv
Apa.tv