Olland: “Fidel Kastronun zəkası yerindədir”

Kubada səfərdə olan Fransa prezidenti Fransua Olland 89 yaşlı Fidel Kastro ilə görüşüb. APA TV-nin məlumatına görə, Fidel Kastro Ollanda səhhəti ilə bağlı məlumat verib. Görüşdə iştirak edən Fransa Senatının keçmiş sədri Jan Pyer Bel bildirib ki, 89 yaşlı siyasətçi ayaqları və belindəki ağrılardan şikayətçidir, amma zəkası yerindədir: "Kastro həmişəki kimi çox diqqətlidir, düşündüklərini ən intellektual tərzdə ifadə edir".

 

Olland da Kuba lideri ilə görüşdən yüksək təəssüratla ayrıldığını deyib: "O, internetdən daim istifadə etdiyini bildirdi. İşgüzar məsələlərə gəlincə, biz əsasən kənd təsərrüfatı sahəsində əməkdaşlıqdan danışdıq". Fransa prezidenti Fidel Kastronun siyasi söhbətlərdən yayındığını deyib.

 

Olland-Kastro görüşündə 89 yaşlı liderin həyat yoldaşı Daliya Soto del Valye və bütün ailə üzvləri iştirak edib. Olland görüşdən çox məmnun qaldığını bildirib: "Mənim qarşımda tarix yazan bir şəxs var idi" - deyə o əlavə edib.

 

Xatırladaq ki, Fransua Olland 1959-cu ildən sonra "Azadlıq adası"na səfər edən ilk Fransa prezidentidir.

Müəllif | Apa.Tv
Apa.tv