Nazir müavini: "Gediş haqlarında dəyişiklik olmayacaq"
“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqinə I Avropa Oyunlarından sonra başlanacaq”. APA TV-nin xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı Metropolitenində artıq vahid kart sisteminin tətbiqi ilə bağlı işlər yekunlaşıb: “Bu sahədə müvafiq işlər görülüb. Proqram təminatı, prosessinq mərkəzinin yaradılması, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələləri artıq öz həllini tapıb. I Avropa Oyunlarından sonra vahid kart sisteminin tətbiqinə addım-addım başlanacaq”.
Nazir müavini deyib ki, köhnə kartlara sahib olan vətəndaşlar istədiyi vaxt kartı yenisi ilə əvəz edə bilər. Bundan başqa, o qeyd edib ki, “BakuBus” MMC-nin təklif etdiyi sərnişindaşıma xidmətləri mövcud tariflərə uyğun tənzimlənəcək: “İctimai nəqliyyatda bütün qiymətlər dövlət tərəfindən tənzimlənir və “Baku Bus” MMC bu qiymətlərə uyğun fəaliyyət göstərəcək. Sadəcə, hər kəs bilməlidir ki, bu avtobuslar ən müasir avtobuslardır. Vətəndaşlardan da xahişimiz budur ki, bu avtobuslarla çox diqqətli davransınlar. Tariflər isə eynidir və heç bir dəyişiklik olmayacaq”.
Musa Pənahov bildirib ki, I Avropa Oyunları zamanı nəqliyyat xidmətlərinin göstərilməsi ən yüksək səviyyədə həyata keçiriləcək. Onun sözlərinə görə, bu tədbirin yüksək səviyyədə təşkili üçün yol infrastrukturu, o cümlədən Olimpiya məkanlarına gedən yollar, dayanacaqlar yenidən qurulub: "Eyni zamanda oyunlar zamanı sərnişinlərə daha yüksək səviyyədə xidmət göstərmək üçün yeni nəqliyyat vasitələri də gətirilib. Tədbirdə iştirak edən idmançılara və onlara bərabər tutulmuş heyətə, qonaqlara, vətəndaşlarımıza xidmət göstərən müasir avtobuslar şəhərdə fəaliyyətə başlayacaqlar".
Nazir müavini əlavə edib ki, Bakının mərkəzində avtobusların sayının çox olması tıxaclara səbəb olur. Buna görə də Oyunlar zamanı bir-birini təkrarlayan marşrut avtobusları metro stansiyalarının girişlərində öz hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcək. Vətəndaşlar isə daha çox yeni avtobuslardan, metrodan və şəhərin mərkəzinə gedən xüsusi avtobuslardan istifadə edə biləcəklər.